Bir neçə gün öncə Azərbaycan elminə ağır itki üz verdi. Görkəmli alim, 40-dan çox elmi nəşrin müəllifi, regional və beynəlxalq miqyasda tanınmış fizika mütəxəssisi Naqif Nabiyev dünyasını dəyişdi. Naqif müəllim ölkəmizdə həm ali təhsil müəssiəslərində tələbələrə, həm də beynəlxalq olimpiadalara hazırlaşan orta məktəb şagirdlərinə fizika elminin sirlərini öyrətmək istiqamətində öz nəzəri və praktiki təcrübəsini əsirgəmirdi. O, Bakı Dövlət Universitetinin nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti olmaqla yanaşı ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil ocaqlarında da mühazirəçi kimi fəaliyyət göstərirdi.
Naqif müəllimin adı olimpiadalar ilə sıx bağlı idi. 2015-ci ildən Respublika Fənn Olimpiadaların fizika fənni üzrə münsiflər heyətinin sədri, eləcə də fizika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq komandasının rəhbəri kimi, Naqif müəllimin fəaliyyəti dövründə məktəblilərimiz bir sıra uğurlara imza atmışdırlar. O həmçinin ölkəmizdə təşkil edilən və yerli təhsil müəssisələrinin şagirdlərindən yanaşı, Belorusiya, Rusiya, Estoniya, Qırğızıstan, Qazaxstan, Özbəkistan, Türkmənistan, Tacikstan və Moldova məktəblilərinin də iştirak etdiyi “İstedadların hazırlığı laboratoriyası” layihəsinin fizika fənni üzrə münsiflər heyətinin sədri idi.
Naqif müəllim rəhbərliyi ilə Respublika Fənn Olimpiadalarında fizika fənni üzrə bir sıra dəyişikliklərə imza atılmışdır. İstər sualların səviyyəsi, istərsə də olimpiadanın formatının beynəlxalq təcrübədə qəbul edilmiş səviyyələrə qaldırılması istiqamətində, o, daima səylə çalışmışdır.
Onun rəhbərliyi altında 2015-ci ildən bu günə kimi məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalardan 6 gümüş, 15 bürünc olmaqla 21 medal qazanmışdırlar.
Olimpadaçı şagirdlərin, tələbələrin, iş yoldaşlarının və yaxınlarının yadında həmişə elmi araşdırmağa və öyrənməyə təşviq edən, pozitiv və proqressiv bir ziyalı kimi qalan görkəmli alimimizin vəfatı xəbərindən kədərlənir, ölkəmizin elm və təhsil ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.
17-05-2023