Respublika Fənn Olimpiadaları ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə, hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır.
Respublika fənn olimpiadaları 3 mərhələdən ibarətdir:
- Rayon (şəhər) mərhələsi,
- Respublika mərhələsinin yarımfinal turu,
- Respublika mərhələsinin final turu.
Fənn olimpiadalarının rayon (şəhər) mərhələsi yanvar ayında, Respublika mərhələsinin yarımfinal turu mart ayında, Respublika mərhələsinin final turu isə aprel ayında Respublika Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilir.
Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə 8 fənn üzrə keçirilir.
2016 – 2017-ci tədris ilində rayon (şəhər) mərhələsində təxminən 30000 şagird, respublika mərhələsinin yarımfinal və final turlarında, müvafiq olaraq, təxminən 6000 və 500 şagird iştirak etmişdir. Respublika Fənn Olimpiadalarında əsasən 9-11-ci sinif şagirdləri iştirak etsə də, xüsusi istedada malik aşağı sinif şagirdlərinin də iştirak etmələrinə icazə verilir.
Olimpiadaların respublika mərhələsinin yarımfinal turunun qalibləri yerli təşkilat komitələri, final turunun qalibləri isə respublika təşkilat komitəsi tərəfindən diplom, tərifnamə, qiymətli hədiyyələr ilə təltif olunurlar.
Final mərhələsinin iştirakçılarının təqribən 50%-i diplom və medallarla təltif olunur, final mərhələyə yüksəlmiş digər şagirdlərə isə iştirakçı sertifikatı təqdim olunur. Həmçinin, hər fənn üzrə olimpiadaların ən uğurlu şagirdi seçilir və “Birincilərin birincisi” nominasiyası ilə təltif edilir.
2016 – 2017-ci tədris ilində şagirdlər iştirak etdikləri Respublika Fənn Olimpiadalarında 48 qızıl, 85 gümüş və 130 bürünc medal olmaqla, ümumilikdə 263 medal qazanmışdırlar.
2016-2017-ci tədris ilində "Birincilərin birincisi" nominasiyası ilə təltif edilmiş şagirdlər