Balkan Riyaziyyat Olimpiadası (BMO – Balkan mathematics olympiad) – məktəbli şagirdlər arasında keçirilən regional olimpiadadır. Əsasən Balkan ölkələri arasında keçirilən bu olimpiada ilk dəfə 1984-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmişdir. Balkan ölkələri ilə yanaşı Avropadan, Asiyadan, Afrikadan şagirdlərin də qonaq qismində iştirakına icazə verilmişdir. Balkan Riyaziyyat olimpiadası hər il növbəli olaraq balkan ölkələrinin birində keçirilməklə 30-a yaxın ölkədən təxminən 150-dən çox şagirdin iştirakı ilə həyata keçirilir.

Beynəlxalq Riyaziyyat olimpidasından fərqli olaraq Balkan Riyaziyyat olimpiadasında imtahan bir gün olur. 4 saat 30 dəqiqə ərzində şagirdlərə cavablandırmaları üçün 4 tapşırıq təqdim edilir.

Olimpiadada iştirak edən şagirdlərin 3/4  hissəsi mükafatlandırılır. Qaliblər 1:2:3 nisbətində I,II,III diplomu və müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif olunurlar. Olimpiadanın 1 sualını tam həll edən şagirdlərə “Həvəsləndirici Sertifikat” təqdim edilir.

Balkan riyaziyyat olimpiadasında ölkələr 1 rəhbər, 1 rəhbər müavini və maksimum 6 şagirddən ibarət komanda ilə iştirak edə bilərlər.

Azərbaycan məktəbliləri 2008-ci ildən etibarən bu mötəbər elm yarışında iştirak edir və 1 qızıl, 7 gümüş, 22 bürünc medal olmaqla cəmi 30 medal əldə etmişdir.